Deputat: Dünyada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar
Bakı, 13 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində çox düzgün qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan da demək olar ki, elə bu kimi, bir fikir söyləyib. Paşinyan bildirdi ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi saymasın. Millətçilər tərəfindən Ermənistan əhalisinin əsas hissəsinin beyni zəhərlənib, lakin əgər Ermənistanda sağlam qüvvələr varsa, onda dünyada baş verən prosesləri başa düşməlidirlər. Onlar anlamalıdır ki, Ermənistan da sülh müqaviləsinin imzalanmasının marağındadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anatoliy Rafailov söyləyib.
Onun sözlərinə görə, regionda və dünyada baş verən hadisələrdən belə bir nəticəyə gəlmək olar ki, Ermənistanın bir real və düzgün çıxış yolu qalıb - sülh müqaviləsi imzalamaq və Azərbaycanla biri-birinin ərazi bütövlüyünü qarşılıqlı tanımaq. Bu addım Ermənistana nə verə bilər? Birincisi, bu addım Ermənistanın öz marağındadır, çünki bu müqavilədən sonra onun üçün logistik və iqtisadi imkanlar yaranır. İkincisi, bu addımla, həmçinin Ermənistan, ondan bir alət kimi yüz ildən çoxdur istifadə edən, böyük dövlətlərin əlindən qurtulub azad, sərbəst hərəkət və inkişaf edə bilər. Üçüncüsü, bu münaqişənin həlli ilə Ermənistan dərhal iki qonşu dövlət olan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdıra bilər və regionda olduğu dalan-dövlət vəziyyətindən çıxa bilər. Dördüncüsü, bu addımla Ermənistan gələcəkdə hər-hansı bir iqtisadi layihəyə qoşula və bununla da öz ağır iqtisadi vəziyyətini düzəldə bilər.
“Lakin Ermənistan nə edir? Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində də qeyd etdiyi kimi, müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsinin imzalanmasına hazır olmalıdır. Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər. Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar.
Yəni, bu o deməkdir ki, Ermənistan istədi-istəmədi, razı oldu-olmadı bütün dünya dövlətləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Amma Ermənistan beynəlxalq hüquqa hörmətlə yanaşsa, Ermənistanı dünyada işğalçı dövlət kimi tanıdan, ağır vəziyyətə salan, uçuruma aparan millətçi-daşnakların ideologiyasından qurtula bilsə, real vəziyyəti başa düşüb sülh müqaviləsini imzalasa, onda özünü xilas etmiş olar”, - deyə Anatoliy Rafailov vurğulayıb.