Deputat: Məişət zorakılığı ilə bağlı mövcud qanunvericiliyə dəyişiklik ediləcək
Bakı, 20 dekabr, AZƏRTAC
Məişət zorakılığı ilə bağlı mövcud qanunvericiliyə dəyişiklik etmək barədə məsələ bu yaxınlarda parlamentdə müzakirəyə çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sevil Mikayılova “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” mövzusuna həsr olunmuş II Ümumrespublika Bloger müsabiqəsinin nəticələrinə dair keçirilən tədbirdə deyib.
Deputat, eyni zamanda, qanunları dəyişməyin yetərli olmadığını, bu sahədə təbliğata ehtiyac olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində ailə dəyərlərini aşındıran, cəmiyyətimizdə bu və ya digər şəkildə gender bərabərliyini pozan, eyni zamanda, uşaq, qadın hüquqlarını tapdalayan hallara qarşı mübarizənin gücləndiyi fonda qanunvericiliyimiz mübarizə üsullarına qarşı kifayət qədər adekvatdır.
“Biz, demək olar ki, parlamentin hər sessiyasında qanunvericiliyimizi təkmilləşdiririk. Cəmiyyətdən gələn sosial sifarişlərə uyğun olaraq qanunları da sərtləşdiririk. Hər il Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin hesabatını da dinlədikcə bu sahədə qanunların necə işlədiyini görürük. Elə stereotiplər var ki, onları qadağa kimi başa salmaq üçün qanunlar kifayət etmir",- deyə S.Mikayılova qeyd edib.