İQTİSADİYYAT
Deputat: Ötən il Azərbaycan iqtisadiyyatında artım drayveri qeyri-neft sektoru olub
Bakı, 9 yanvar, AZƏRTAC
Qlobal və regional çətinliklərə baxmayaraq, Azərbaycan 2022-ci ildə sürətli iqtisadi artım tempini qoruyub saxlaya bildi.
Bu barədə AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, ötən il ölkə iqtisadiyyatı 5 faizə yaxın artıb, eyni zamanda, qeyri-neft sektorunda 10 faizə yaxın artım qeydə alınıb. Bu isə ondan xəbər verir ki, 2022-ci ildə Azərbaycan iqtisadiyyatında artım drayveri məhz qeyri-neft sektoru olub. Bu da qeyri-neft sektorunun ÜDM-də payının artmasına və 68 faizə qədər yüksəlməsinə gətirib çıxarıb. Cari il bu rəqəmin 70 faizə yaxınlaşacağı gözlənilir. Bütün bunlar nəticə etibarilə Azərbaycan iqtisadiyyatının ötən ildə dayanıqlı iqtisadi inkişaf tempini qoruyub saxladığından xəbər verir. Rusiya-Ukrayna müharibəsi regiona və Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədi, xüsusən də idxal inflyasiyasının sürətlənməsinə və istehlak bazarında proqnozlaşdırılandan daha çox qiymət artımının müşahidə edilməsinə səbəb oldu. Lakin Nazirlər Kabineti tərəfindən antiinflyasiya tədbirləri davam etdirilir.
Ötən il, həmçinin sosial paketin reallaşması həyata keçirildi: “Əsasən minimum əməkhaqqı və minimum pensiyada 20 faiz artım qeydə alındı. Eyni zamanda, digər dövlət sektorlarında çalışanların əməkhaqlarında artımlar reallaşdı. Bütün bunların fonunda biz ötən il işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurulmasının intensiv həyata keçirilməsini müşahidə etdik. Böyük Qayıdışın ilk mərhələsi reallaşdı, 30 ilə yaxın ata-baba yurdlarından kənarda qalmış vətəndaşlarımız Zəngilana qayıtdı”.
“Ötən ilin iqtisadi mənzərəsi bir daha təsdiq edir ki, Azərbaycan, xüsusən də regional təsirlərə, Rusiya-Ukrayna müharibəsi fonunda yaranan regional, o cümlədən istehlak bazarlarına, ərzaq təhlükəsizliyinə təsirlərə baxmayaraq, Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayan və bu il iqtisadi artımın davam etdirilməsi üçün baza formalaşdıra bildi. O baxımdan ötən ilin iqtisadi yekunları həm də 2023-cü ilin iqtisadi artımın davam edəcəyindən xəbər verir”, - deyə V.Bayramov qeyd edib.