Deputat: Qondarma rejimin “prezident seçkiləri” beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycanın Qarabağ iqtisadi rayonuna aid Xankəndidə qondarma rejimin “prezident seçkiləri” Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Separatçı rejimin bu qanunsuz əməlləri, sözsüz ki, Ermənistandakı qüvvələrin və havadarlarının təhriki ilə ortaya atılıb. Bu isə Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin birbaşa müəllifi kimi yenə də separatizmin dəstəkçisi və terrorçulara hərbi, siyasi, maliyyə və digər yardımları göstərdiyini, bölgədə təxribatların hazırlanmasında və baş verməsində məsuliyyət daşıdığını göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, qondarma “seçkilər”in keçirilməsi bir daha Ermənistan və onun yaratdığı oyuncaq rejimin sülh prosesində həqiqətən maraqlı olmadığını bir daha göstərir. Ermənistanın sülhə və Azərbaycanın suveren ərazisində yaşayan etnik ermənilərlə dialoqa mane olması və bölgədə müharibə çağırışları Azərbaycan dövlətini antiterror əməliyyatları aparmağa məcbur edir. Baş verəcək hər hansı hadisələrə görə isə məsuliyyəti Ermənistan və onun havadarları daşıyacaq.
A.Hüseynovun sözlərinə görə, dünya birliyi də artıq Ermənistanın bölgədə süni manipulyasiya ilə məşğul olmasını yaxşı anlayır, separatçıların qondarma “prezident seçkiləri”nin heç bir ölkə və beynəlxalq qurum tərəfindən tanınmaması və bir çox ölkələr tərəfindən sərt qarşılanması erməniləri həm məyus etdi, həm də gülünc vəziyyətə saldı. Onlar düşünürdülər ki, separatçıları dəstəkləyən ölkələr olacaq və bu, qondarma rejimin bölgədə siyasi üstünlük əldə etməsinə imkan yaradacaq. Lakin Ermənistanın bu siyasi hiyləgərliyi də iflasa uğradı, onlar özlərini gülünc və çətin duruma saldılar.