Deputat: Xarici sərmayələrin cəlbi üçün ölkəmizin iqtisadi potensialının beynəlxalq səviyyədə təbliği zəruridir
Bakı, 29 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ölkəmizin yerləşdiyi yerin coğrafi imkanlarından daha səmərəli istifadə etməklə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yeni uğurlar gətirməkdədir. Ölkəmizin ərazisindən beynəlxalq yükdaşımaların sürətlə artmasına yol açan “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın logistik nəqliyyat imkanlarının cəlbediciliyini daha da artırıb. Qeyri-neft sektorun inkişafında rol oynayacaq beynəlxalq əhəmiyyətli digər bir layihə Ələt Azad İqtisadi Zonasının yaradılmasıdır. Dünyada uğurlu azad iqtisadi zonalarını yaratmış ölkələrin təcrübəsi öyrənilərək, daha çox uğurlu modelin ölkəmizdə təşkil olunması istiqamətində işlər sürətlə aparılmaqdadır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Azər Badamov bildirib.
Deputat deyib: “İlk növbədə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına bitişik ərazidə yerləşən böyük torpaqlar ayrıldı. Yer seçimində ilk növbədə Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərəcək müəssisələrin fəaliyyətində daha rahat daşıma imkanları olan yer seçildi. Sonra isə Ələt Azad İqtisadi Zonasının fəaliyyət göstərməsinin mükəmməl hüquqi bazası yaradıldı. Bu ərazi əsasən xarici sərmayədarların fəaliyyətinə hesablanıb. Xarici investorlar üçün Azərbaycan daha maraqlı ölkədir. Çünki, ölkəmizdə siyasi sabitlik və təhlükəsizlik maksimum dərəcədə təmin olunub. İqtisadi sahədə apardığımız islahatlar öz müsbət nəticələrini verib. Beynəlxalq investorlar üçün maraqlı olan Dünya Bankı və Davos İqtisadi Forumun hesabatlarında ölkəmiz yuxarı pillələrdə sıralanır. Məsələn, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə, o cümlədən biznesinin başlanmasında rahatlıq və elektrikə əlçatanlıq indikatorlarına görə isə 2-ci yerdə sıralanır. Davos İqtisadi Forumun hesabatında Azərbaycan 145 ölkə arasında bir çox indikatorlar üzrə daha qabaqcıl yerlərə layiq görülüb. Məsələn, dəmir yolları infrastrukturunun səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərliliyinə görə 12-ci, Xəzər gəmiçiliyi xidmətlərinə görə 25-ci, avtomobil yollarının rahatlığına görə isə 24-27-ci yerlərdəyik”.
Həmçinin Azərbaycanın dünyanın ən islahatçı 20 ölkəsi sırasında olduğuna diqqət çəkən deputat deyib ki, son illər xarici ölkələrdə təhsil alaraq mütəxəssis kimi formalaşmış gənc kadr potensialımız artmaqdadır. Həm də dövlətimizin xarici sərmayədarlarla bağlanmış sazişlərə sadiqliyi xarici investorların ölkəmizə marağını artırır. Bütün bunlar beynəlxalq investorların ilk diqqət etdikləri məqamlardır və ölkəmizə sərmayələrin cəlb edilməsinə geniş imkanlar açır.
“Xarici sərmayələrin cəlb edilməsi üçün ölkəmizin iqtisadi potensialının beynəlxalq səviyyədə təbliğ olunması zəruridir. Əsasən bu işi Prezident İlham Əliyev xarici səfərləri və beynəlxalq iqtisadi tədbirlərdə iştirakı zamanı dünyanın aparıcı şirkətlərinın rəhbərləri ilə görüşlərdə təqdim edir. Amma ölkəmizin iqtisadi potensialının tanıdılmasında və xarici sərmayədarların cəlb edilməsində daha çox iş aparmalı və beynəlxalq səviyyədə bütün imkanlardan istifadə olunmalıdır. İyulun 1-də Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibəsində İqtisadi Zonanın əməkdaşlarının, xarici ölkələrdə yerləşən səfirlərimizin və hökumətlərarası fəaliyyət göstərən komissiyaların qarşısında yeni vəzifələr qoyub. Ələt Azad İqtisadi Zonasının əməkdaşları xarici ölkələrə ezam olunmalı və biznes strukturlarının rəhbərlərinə ölkəmizin bu sahədəki imkanlarını təqdim etməlidirlər. O cümlədən hökumətlərarası komissiyaların tərkibində Ələt Azad İqtisadi Zonasının əməkdaşları iştirak etməli və bütün görüşlərdə yeni investisiyaların cəlb edilməsi istiqamətində iş görülməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən səfirlərimiz potensial investorlarla görüşlər keçirməli, ölkəmizin sərmayə mühitini təqdim etməli və xarici investorların ölkəmizə sərmayələrin yatırılması üçün iş aparmalıdırlar. Düzdür, xarici şirkətlər ölkəmizdə fəaliyyət göstərirlər. Bunlar əsasən podratçı şirkətlər qismində büdcədən maliyyələşən layihələrin icrasında pul qazanmaq üçün fəaliyyət göstərirlər. İndi isə ölkəmizə pul yatıracaq şirkətlər bizim üçün daha maraqlı olmalıdır.
Dünyada investisiyalar uğurunda mübarizə gedir. Dövlətlər çalışırlar ki, daha çox xarici investisiyaları ölkələrinə cəlb etsinlər. Bu rəqabətdə Azərbaycanın xarici sərmayədarlara təqdim etdiyi imkanlar daha əlverişlidir. Amma bu imkanların yetərincə təqdimatının təşkilinə böyük ehtiyac var. Bunun üçün yeni termin olan iqtisadi diplomatiyamızı gücləndirməliyik. Azərbaycan bu günə qədər qarşısına qoyduğu bütün hədəfləri uğurla icra edib. O cümlədən düşünürəm ki, Ələt Azad İqtisadi Zonasının fəaliyyətinə xarici sərmayədarların cəlb edilməsi məsələsində də uğurlara nail olacağıq”,- deyə Azər Badamov bildirib.