DƏRİ ÜÇÜN KOKTEYL
Oksigen təkcə qırışları hamarlaşdırmır - sanki, gözlərdə qığılcım parlayır, dəri isə, necə deyərlər, işıq saçır. Etiraf etmək lazımdır ki, biz oksigen çatışmazlığından qocalırıq. Bu, ilk növbədə iri şəhərlərin sakinlərinə aiddir.
Tibb elmləri namizədi Olqa Svetkova demişdir: “Dəri vasitəsilə biz yalnız bir neçə faiz oksigen alırıq, onun qalan hissəsini isə ağciyərlə qəbul edirik”. Əksəriyyətimiz ya siqaret çəkməyi xoşlayır, yaxud da passiv siqaretçəkəndir. Deməli, bununla havanı daha da ağırlaşdırırıq. Oksigen qəbulunun qarşısını alan daha bir səbəb xanımların hər gün dəriyə qalın makiyaj çəkməsidir. Daimi streslər, eləcə də düzgün və dərin nəfəs almağı bacarmamağımız da az ziyan vurmur. Gənc yaşlarımızda oksigen çatışmazlığı dərinin vəziyyətinə elə də çox təsir etmir. Lakin yaş ötdükcə orqanizm bu çatışmazlığın öhdəsindən çətinliklə gəlir”.
Dərinin oksigen balansını bərpa etmək üçün onu süni qidalandırmaq lazımdır. “Oksigen aclığı”nı ortaya çıxaran texniki təkamül tədricən onun həllinə də kömək edir. Əvvəllər tibb elmində yanıqların və yaraların tez sağalmasına kömək edən barokameralardan (oksigen kamerası) istifadə edilirdi. Sonra isə oksigeni dəriyə yeridən müxtəlif üsullar kəşf olundu. Bu, ən əvvəl, ozonoterapiya və aparat vasitəsilə oksigen mezoterapiyasıdır.