“Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər bu sahədə əlçatanlığın təmin edilməsinə hədəflənib
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov gündəlikdə ikinci oxunuşda təqdim edilən “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin yer aldığını bildirib.
Ə.Əmiraslanov qanun layihəsinin əhəmiyyətini qeyd edərək, sənədin birinci oxunuşda komitədə və plenar iclasda geniş müzakirə olunduğunu, deputatlar tərəfindən bir çox qeyd və təkliflərin verildiyini söyləyib. O, dərman preparatlarının dövlət qeydiyyatı prosedurunun optimallaşdırılması, ölkə ərazisinə idxal edilən keyfiyyətli dərman vasitələrinin sayının artırılması, dərman qıtlığının aradan qaldırılması, dərman vasitələrinin ölkəmizdə istehsal olunması məsələləri ilə bağlı fikirlərini açıqlayıb.
Təqdim olunan qanun layihəsində dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə sisteminin tətbiq edilməsi nəzərdə tutulub. Bu sistem istehsal və idxal olunan malların dövriyyəsinə, topdan və pərakəndə satışına nəzarəti həyata keçirən və bununla bağlı məlumatları qeydə alan informasiya ehtiyatı olacaq. Sənədə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur.
Bildirilib ki, layihədə, həmçinin bioloji aktiv qida əlavələri ilə əlaqədar tənzimləmələr təkmilləşdirilir. Bununla yanaşı, tibb vasitələrinin idxalı, sertifikatlaşdırılması, reyestrinin aparılmasına dair tənzimləmələr, dərman vasitələrinin idxalına icazə verilməsi proseduru, dərman vasitələrinə reseptlərin yazılması qaydası müəyyən edilir.
Məsələ ilə bağlı çıxış edən komitə sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Kamaləddin Qafarov, deputat Etibar Əliyev təklif olunan dəyişikliklərin günün tələbinə uyğun olduğunu, sənədin dərman preparatlarına əlçatanlığın təmin edilməsinə, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verəcəyini söyləyib, bəzi qeyd və təkliflərini səsləndiriblər.
İclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, səhiyyə nazirinin müavini Rasim İsmayılov müzakirələrdə səsləndirilən fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətiriblər, deputatların verdiyi sualları ətraflı cavablandırıblar.
Çıxışlarda dərman qiymətlərinin tənzimlənməsi qaydaları, buna təsir edən faktorlardan bəhs edilib. Habelə, dərman vasitələrinin çeşidlərinin genişləndirilməsi, onların keyfiyyətinin yaxşılaşdırılması məsələlərinə toxunulub, tibb sahəsində maarifçilik işinin vacibliyindən danışılıb, səhiyyə sahəsində həyata keçirilən islahatların əhəmiyyəti qeyd olunub.
Müzakirələrin yekununda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.