D.GİMATOVA VƏ A.QURBANOVA İTALİYA ÇEMPİONATINDA ÇIXIŞ EDİRLƏR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Padui şəhərinin “Ardor” klubu “A1” seriyasında ikinci yerə, əsasən, A.Qurbanovanın sayəsində çıxmışdır. Anna iplə hərəkətlərdə 16,225 bal toplamışdır ki, bu da komanda üzrə ən yüksək göstəricidir. “Ardor” cəmi 74,925 bal toplayaraq, hesabına ilk 22 xalı yazmışdır. Klub ukraynalı Natalya Qodunko, belaruslu İnna Jukova və yunan Eleni Andriolanın çıxış etdikləri güclü komandaları qabaqlamışdır.
D.Gimatovanın çıxış etdiyi Desionun “San-Corcio-79” klubu “A2” seriyasında üçüncü yerdədir. Lentlə hərəkətlərdən sonra Dinara komanda üzrə və ümumiyyətlə, rəqibləri arasında ən yüksək - 14,750 xal toplamışdır. “San-Corcio-79”un ümumi yekunu 63,325 xaldır. Bolqar Simona Peyçeva, belaruslar Valeriya Kurilskaya və Svetlana Rudalovanın çıxış etdikləri komandalar ondan geri qalmışlar. Turnir cədvəlinə 25 xalla “Komense 1872” klubu başçılıq edir. İki seriyanın hər birinə 8 klub daxildir.
İtaliya reportyorları Dinara və Annanın gözəl, nöqsansız çıxış etdiklərini xüsusilə vurğulamışlar. İndi gimnastları fevralın 11-də Romada keçiriləcək ikinci mərhələ gözləyir. Gimatova yenidən lentlə, Qurbanova isə iplə çıxış edəcəklər.