Diaspor nümayəndəsi: Qarabağ Zəfəri Qazaxıstandakı soydaşlarımız üçün də böyük fəxarət hissi doğurub
Bakı, 15 iyul, AZƏRTAC
Bu gün Qazaxıstanla Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Eyni kökdən olan hər iki xalqın nümayəndələri Qazaxıstanda dost və qardaşlıq şəraitində yaşayırlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın Manqistau vilayətinin Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov deyib.
Soydaşımız Manqistau vilayətində 15 mindən çox azərbaycanlının yaşadığını qeyd edib. Bildirib ki, onlardan 7 minə yaxınının vətəndaşlığı və yaşayış icazəsi var. Birlik sədri soydaşlarımızla sıx əlaqədə olduqlarını, çətinlik yarandığı halda problemlərinin Aktau şəhərində fəaliyyət göstərən Azərbaycanın baş konsulluğu tərəfindən həll edildiyini söyləyib.
Ş. Hüseynov bildirib ki, 2025-ci ildə Aktau şəhəri Türk dünyasının mədəniyyət paytaxtı olacaq. Artıq şəhərdə bununla bağlı hazırlıq işlərinin başlanıldığını deyən həmyerlimiz bu mühüm mədəniyyət tədbirində də fəal şəkildə iştirak edəcəklərini diqqətə çatdırıb.
“Məlumdur ki, hazırda Aktau şəhəri “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimlərinə də ev sahibliyi edir. Müzəffər Azərbaycan Ordusunun şəxsi heyəti də təlimlərdə çox yüksək peşəkarlıq nümayiş etdirir. Biz xaricdə yaşayan azərbaycanlılar olaraq Ordumuzla fəxr edirik. Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ torpaqlarını işğaldan azad etdilər. Artıq 4 ildir ki, Ordumuzun əldə etdiyi Qarabağ Zəfəri soydaşlarımız üçün böyük fəxarət hissi yaradıb”, - deyə o vurğulayıb.