DİPLOMATLARIMIZ ORDUYA YARDIM ÜÇÜN XÜSUSİ FOND YARATMIŞLAR
Məlum olduğu kimi, bu il yanvarın 1-dən Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və beynəlxalq təşkilatlardaki nümayəndəliklərinin əməkdaşlarının əmək haqqı xeyli artırılmışdır.
Dövlətimizin başçısı Heydər Əliyevin diplomatlara diqqət və qayğısına cavab olaraq, Azərbaycan Respublikasının Ukraynadaki səfirliyinin əməkdaşları əmək haqqından hər ay könüllü köçürmələr hesabına xüsusi fond yaratmaq barədə yekdilliklə qərar qəbul etmişlər. Fondun vəsaiti Azərbaycanın Silahlı Qüvvələrinin möhkəmlənməsinə, azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə yardım etməyə yönəldiləcəkdir.
Bundan əlavə, fondun vəsaitindən soydaşlarımızın - müalicə və reabilitasiya olunmaq üçün Ukraynaya gələn Qarabağ müharibəsi əlillərininin sosial problemlərinin həllinə, T. Şevçenko adına Kiyev Milli Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisasi üzrə təhsil alan tələbələrin təqaüdünə, Kiyev şəhərindəki S. Vurgun adına kitabxananın əməkdaşlarının əmək haqqlarına əlavələrə, milli bayramlarımızın keçirilməsinə və digər məqsədlərə sərf olunacaqdır.
Səfirlikdən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, diplomatlarımız bu təşəbbüsü doğma ordumuz, erməni təcavüzünün qurbanları qarşısında özlərinin vətəndaşlıq borcu, dost Ukrayna torpağında Azərbaycan dilini, ədəbiyyatını və mədəniyyətini təbliğ etmək arzusu kimi qiymətləndirirlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev