Dövlət Aqrar Universiteti ilə İsrailin Azərbaycandakı səfirliyi arasında görüş keçirilib
Gəncə, 16 iyul, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə İsrailin Azərbaycandakı səfirliyi arasında onlayn görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşün məqsədi ADAU ilə İsrailin nüfuzlu tədqiqat institutları və tanınmış universitetləri arasında əməkdaşlıq imkanlarının və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri olub.
İsrailin Azərbaycandakı səfirinin birinci müavini Doron Peer görüşdən məmnunluğunu bildirərək, qarşılıqlı əməkdaşlıq sahəsində maraqlı olduqlarını ifadə edib. O, akademik səviyyədə birgə fəaliyyətin genişləndirilməsi istiqamətində görülə biləcək işlər, Aqrar Universitetlə əlaqələrinin inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.
Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələri, ikili diplom proqramları barədə ətraflı məlumat verib. Həmçinin, ADAU-da əcnəbi tələbələrə göstərilən diqqət və qayğının yüksək olduğu bildirilib.