DÖVLƏT BAŞÇILARI MƏTBUAT ÜÇÜN BƏYANATLARLA ÇIXIŞ ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 28-də Aşqabadda ikitərəfli sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan və Türkmənistan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov dəvəti qəbul edərək, Aşqabada rəsmi səfər etdiyinə görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə təşəkkürünü bildirdi. O dedi ki, çox yaxşı danışıqlar aparılmış, ikitərəfli münasibətlərin bütün cəhətləri, regional sabitlik və təhlükəsizlik məsələləri, müasir dövrün terrorizm, ekstremizm, separatizm, mütəşəkkil cinayətkarlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi bəlaları ilə mübarizədə səylərin birləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
Qurbanqulu Berdiməhəmmədov tranzit boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması barədə Türkmənistanın beynəlxalq təşkilatlarda irəli sürdüyü təşəbbüsün Azərbaycan Prezidenti tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdi. O, xüsusi vurğuladı ki, zəngin neft və qaz yataqları olan Azərbaycan və Türkmənistan regionda enerji siyasəti məsələlərinə eyni mövqedən yanaşır. Türkmənistan dövlətinin başçısı dedi ki, “biz “açıq qapı” siyasətinə və karbohidrogen ehtiyatlarımızın nəqlinin şaxələndirilməsinə tərəfdarıq”. O, Xəzər dənizi ilə bağlı məsələyə toxunaraq bildirdi ki, ölkələrimizin yekdil fikrincə, Xəzər sülh və sabitlik dənizi olmalıdır.
Prezident Qurbanqulu Berdiməhəmmədov razılıqla vurğuladı ki, bu ilin ötən on ayı ərzində Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsinin həcmi 8 dəfə artmışdır. O, iki ölkənin nəqliyyat, mədəni-humanitar sahələrdə əməkdaşlığının möhkəmlənməsinə tərəfdar olduğunu söylədi.
Azərbaycan Prezidenti İlham Əliyev ona və nümayəndə heyətinin üzvlərinə Türkmənistanda göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkür etdi. Azərbaycan dövlətinin başçısı dedi ki, “biz bu səfərə və ümumən ölkələrimiz arasında münasibətlərə çox böyük əhəmiyyət veririk”. İkitərəfli münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirən Azərbaycan Prezidenti vurğuladı ki, iki ölkənin siyasi rəhbərliyi səviyyəsində qəbul edilən bütün qərarlar və müvafiq strukturlara verilən tapşırıqlar qarşılıqlı anlaşma və qardaşlıq ruhunda operativ yerinə yetirilir.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyəti vardır. O vurğuladı ki, Xəzəryanı iki ölkə nəinki özlərinin enerji təhlükəsizliyini təmin edir, həm də başqa ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır və bu rol gələcəkdə artacaqdır. Dövlətimizin başçısı dedi: “İki müstəqil dövlət kimi biz öz enerji potensialımızı tamamilə reallaşdırmışıq. Həyata keçirdiyimiz sərmayələr və layihələr xalqlarımızın xoşbəxt gələcəyini təmin edir və hələ bir çox onilliklər ərzində təmin edəcəkdir”.
Prezident İlham Əliyev Xəzər dənizi regionunda nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu da vurğuladı. O bildirdi ki, tikilməkdə olan və Azərbaycanı Türkiyə və Avropa ilə, habelə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu yeni İpək yoludur. Dövlətimizin başçısı iki ildən sonra bu marşrutdan regionun bütün ölkələrinin istifadə edəcəyinə ümidvar olduğunu söylədi. O, həmçinin əminliyini bildirdi ki, Azərbaycan və Türkmənistan prezidentlərinin danışıqlarında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçiriləcəkdir.
######
