DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANLA BAĞLI YAYDIĞI YANLIŞ MƏLUMATA DÜZƏLİŞ VERMİŞDİR
Xatırladaq ki, aprel ayında elan olunan hesabatda 2003-cü ildə müxtəlif ölkələrin antiterror siyasəti, beynəlxalq terrorun qarşısını almaq üçün həyata keçirdikləri tədbirlər, ABŞ-la bu sahədə əməkdaşlığına dair ətraflı məlumat verilirdi. Hesabatın Azərbaycanla bağlı hissəsində deyilirdi ki, ölkəmiz terrorizmə aid 12 beynəlxalq konvensiyadan 8-nə qoşulmuşdur.
Dövlət Departamentinin mətbuat katibi Riçard Bauçer mayın 14-də bəyanatla çıxış edərək bildirmişdir ki, Azərbaycan “Qlobal terrorizmlə mübarizə”yə dair illik hesabatda adı çəkilən 12 beynəlxalq konvensiyanın hər birinə qoşulmuşdur. “Biz Azərbaycanı bu nailiyyətinə görə alqışlayırıq”, - deyən səfir Bauçer Azərbaycanı terrorla qlobal müharibədə möhkəm tərəfdaş kimi qiymətləndirmişdir. Bəyanatda bildirilir ki, Azərbaycan qanunlarına görə, terrorizm ömürlük həbslə cəzalandırılan cinayətdir. Ölkə çirkli pulların yuyulmasının qarşısını alan qanunvericiliyi gücləndirmiş, terroru maliyyələşdirənlərin hesablarının dondurulması istiqamətində addımlar atmışdır.