DÖVLƏT GÖMRÜK KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Oktyabrın 2-də Sumqayıt yaxınlığında xüsusi ayrılmış ərazidə ümumi dəyəri 184.360.500 manat olan 102.337 qutu “LD” əmtəə nişanlı siqaretlər gömrük əməkdaşları tərəfindən yandırma üsulu ilə məhv edilmişdir.
Qeyd edək ki, həmin siqaretlər müxtəlif vaxtlarda gömrük sərhədindən qanunsuz yolla keçirilməyə cəhd edilərkən gömrük əməkdaşları tərəfindən tutulmuşdur. Aiddiyyatı üzrə rayon məhkəmələrində gömrük orqanları tərəfindən göndərilən materiallara baxılaraq müvafiq hökm çıxarılmışdır. Tütün məmulatlarının keyfiyyətinin, tərkibindəki zərərli maddələrin yol verilən normalara uyğunluğunun və insan sağlamlığı üçün təhlükəli olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyi tərəfindən müvafiq məktubla Respublika Səhiyyə Nazirliyinin Sanitariya Karantin Müfəttişliyinə müraciət edilmişdir. Alınan cavabda “LD” əmtəə nişanlı siqaretlərin ölkə ərazisinə idxalı və satışının 2001-ci il oktyabrın 5-dən müvafiq qərarla qadağan edildiyi bildirilmişdir.
Beləliklə, müsadirə olunan “LD” əmtəə nişanlı tütün məmulatları “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyində fəaliyyət göstərən Məhvetmə komissiyasının, Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələrinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə məhv edilmişdir.