DÖVLƏT GÖMRÜK KOMİTƏSİ NÜMAYƏNDƏ HEYƏTİNİN ABŞ-A İŞGÜZAR SƏFƏRİ
Nümayəndə heyəti, əvvəlcə, Vaşinqtonda ABŞ Daxili Təhlükəsizlik Departamentinin Gömrük və Sərhəd Xidmətinin yüksək vəzifəli şəxsləri ilə görüşmüş, bu xidmətin terrorizmə, kütləvi qırğın silahları və ikili təyinatlı malların yayılmasına, silah və partlayıcı maddələrin, digər malların qaçaqmalçılığına qarşı mübarizə proqramları və iş təcrübəsi, həmçinin hədəflərin müəyyən olunması üzrə Milli Mərkəzin, yüklərə nəzarət üzrə avtomatlaşdırılmış sistemin, risklərin müəyyən edilməsi və qiymətləndirilməsi, toxunmadan yoxlama sistemlərinin, audit sisteminin təşkili və həyata keçirilməsi üsulları ilə tanış olmuşdur.
Beynəlxalq Əlaqələr ofisinin rəhbərliyi ilə görüşdə iki ölkənin gömrük xidmətləri arasında “Gömrük işi sahəsində əməkdaşlıq haqqında” sazişin layihəsi müzakirə olunmuş, fikir mübadiləsi aparılmış, yaxın zamanda sazişin imzalanması məqsədəuyğun hesab edilmişdir.
Nümayəndə heyəti səfər çərçivəsində 1999-cu ildə yaradılmış təlim və inkişaf ofisinin işi ilə tanış olmuş, toxunmadan yoxlama ofisinin əməkdaşı M.Robertin sərnişinlərin, yüklərin, konteynerlərin toxunulmadan yoxlanılması üzrə texniki vasitələr, bu qurumun ixraca nəzarət missiyasının kütləvi qırğın silahlarından qorunmaq istiqamətində gördüyü işlər, habelə Peşəkar Məsuliyyətlər İdarəsinin rəhbəri B. Merserin ABŞ Gömrük və Sərhəd Xidməti əməkdaşları arasında həyata keçirilən antikorrupsiya proqramları, Beynəlxalq Kəşfiyyat Proqramları İdarəsinin əməkdaşı D. Stüartın kəşfiyyat məlumatlarının əldə olunması, təhlili və bölüşdürülməsi, strateji, operativ və ümumi kəşfiyyat haqqında məruzələrini dinləmişlər.
Nümayəndə heyətimizin ABŞ-ın Gömrük və Sərhəd Xidmətinin maliyyə dəstəyi ilə həyata keçirilən səfəri davam edir.