DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ İNFORMASİYA-SORĞU MƏRKƏZİ AÇILMIŞDIR
Tədbirdə DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirmiş, gömrük xidmətində ardıcıl islahatların aparıldığını, onun fəaliyyətinin təkmilləşdirildiyini vurğulamışdır.
DGK-nın rabitə və informasiya şöbəsinin rəisi Vahid Sadıqov demişdir ki, vətəndaşların gömrük orqanlarından şikayətləri 192 nömrəli telefonla qəbul olunacaq və operativ surətdə yoxlanılacaqdır. Həftəarası saat 9-dan-18-dək fəaliyət göstərəcək mərkəzdə suallara 5 mütəxəssis, istirahət və bayram günlərində isə elektron operator cavab verəcəkdir. Gələcəkdə xidmətin ingilis və rus dillərində fəaliyyəti də nəzərdə tutulur. Telefon zəngləri pulsuzdur və bu xidmət bütün ölkəni əhatə edir.
Bildirilmişdir ki, xidmətin yaradılmasından məqsəd gömrük sahəsində vahid avtomatlaşdırılmış informasiyaların emalı və toplanması sistemini təkmilləşdirməkdir. Burada müxtəlif funksiyalı altı müasir server quraşdırılmışdır. Yerli gömrük orqanlarından yük-gömrük bəyannamələri, mədaxil orderləri, qaçaqmalçılıq faktları barədə DGK-ya daxil olan məlumat ayrı-ayrı serverlərə toplanacaq, onların qeydiyyatı aparılacaqdır.