Dövlət Komitəsi dini icmalar arasında yazı müsabiqəsi elan edir
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev siyasəti: Azərbaycanın dövlət-din modeli” mövzusunda dini icmaların üzvləri arasında yazı müsabiqəsi elan edir.
Komitədən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, tolerantlıq mühitinin dövlət-din konsepsiyasına uyğun möhkəmləndirilməsi, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən strategiyanın əhəmiyyətindən bəhs edən məqalələr göndərilə bilər. Həmçinin Azərbaycan xalqının spesifik keyfiyyəti kimi tolerantlığa, onun möhkəmləndirilməsində, beynəlxalq miqyasda təbliğ edilməsində və dünyada nümunə kimi qəbul olunmasında Heydər Əliyevin xidmətlərinə və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətə həsr olunmuş məqalələr qəbul edilir.
1.Müsabiqənin şərtləri
- müsabiqəyə hər müəllif yalnız bir yazı təqdim edə bilər;
- yazı mövzuya uyğun olmalıdır;
- yazıya uyğun olaraq yaradıcı başlıq müəyyənləşdirilməlidir;
- yazının həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);
- müsabiqə üçün verilmiş yazı qəzetdə çap edilərsə, qəzetin həmin sayının 1 nüsxəsi Dövlət Komitəsinə təqdim olunmalıdır;
- yazı elektron media resursunda yayımlanarsa, link yazıya əlavə edilərək, [email protected] e-mail ünvanına göndərilməlidir;
- yazı təqdim edən şəxsin əlaqə vasitələri - ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı yazıya əlavə edilməlidir.
2. Mükafat
I (1 nəfər) yer - 500 AZN
II (1 nəfər) yer - 400 AZN
III yer (1 nəfər) - 300 AZN
Hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat.
Qeyd edək ki, məqalələr 2023-cü il aprelin 10-dək təqdim edilməlidir.