DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ KİYEVDƏ QEYD OLUNMUŞDUR
Qəbulda Ukraynanın xarici işlər naziri Boris Tarasyuk, Baş nazirin müşaviri Konstantin Qrisenko, Ukrayna Ali Radasının deputatları Eduard Zeynalov, Oleq Bilorus, Ukrayna Milli Müdafiə Şurası katibinin birinci müavini Vasili Krutov, Ukrayna Prezidenti Katibliyinin yüksək vəzifəli əməkdaşları, T.Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Viktor Skopenko, Ukraynada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Ukrayna XİN yanında Diplomatiya Akademiyasının rektoru, professor Nikolay Kuliniç, tanınmış siyasətçilər və ictimaiyyətin nümayəndələri, Ukrayna Azərbaycanlıları Konqresinin təmsilçiləri iştirak etmişlər.
Respublikamızın Ukraynadakı səfiri Tələt Əliyev çıxış edərək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin tarixi rolundan danışmış, ulu öndərin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Diplomat son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə daxili və xarici siyasətdə, iqtisadi islahatların aparılmasında, vətəndaş cəmiyyəti quruculuğunda, Avropa və dünya miqyaslı iri energetika layihələrinin həyata keçirilməsində qazanılan uğurlardan, ölkəmizin regionda lider dövlətə çevrilməsindən, Azərbaycanın GUAM təşkilatında fəal rolundan söhbət açmışdır.
X X X
Oktyabrın 19-da səfirliyin əməkdaşları ümummilli lider Heydər Əliyevin Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinin binası yaxınlığındakı bağda ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin nurlu xatirəsini ehtiramla anmışlar.