DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ “ÇAĞ” ÖYRƏTİM İŞLƏTMƏLƏRİ ŞİRKƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
Görüşdə şirkətin Azərbaycan Özəl Türk Liseyləri Baş İdarəsinin rəisi Adəm Önal, olimpiada əlaqələndiricisi Ünal Akçay və “Qafqaz Gimnaziyası” məktəbinin direktoru Kamil Kemancı iştirak etmişlər.
Adəm Önal Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında Azərbaycanda həyata keçirilən genişmiqyaslı tədbirlərdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin də yaxından iştirak etdiyini bildirmiş, şirkətin nəzdində fəaliyyət göstərən özəl türk liseylərində təhsil alan şagirdlərin beynəlxalq fənn olimpiadalarında qazandığı uğurlardan danışmışdır. O bildirmişdir ki, 1994-2006-cı illərdə həmin liseylərdə təhsil alan azərbaycanlı şagirdlər ümumilikdə 191 medal qazanmışlar ki, bunların da 37-si qızıl, 65-i gümüş, 89-u isə bürünc medallar olmuşdur. Adəm Önal bu il dünyanın müxtəlif ölkələrində keçirilmiş 10-dan artıq beynəlxalq fənn olimpiadasında qazanılmış nailiyyətləri xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, həmin olimpiadalardan beşində Azərbaycan özəl türk liseylərində təhsil alan şagirdlərin iştirak etməsi məhz ARDNŞ-in sponsorluğu sayəsində mümkün olmuşdur. Azərbaycanlı şagirdlər onlara göstərilən bu etimadı doğruldaraq dünyanın 100-dən artıq ölkəsindən gəlmiş yaşıdları arasında uğurlu nəticələr göstərmiş, vətənə 5-i qızıl, 19-u gümüş, 12-i bürünc olmaqla cəmi 36 medalla dönmüşlər. O bəyan etmişdir ki, builki nəticələrin qazanılmasında ARDNŞ-in sponsorluğu “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən yüksək qiymətləndirilmişdir. Şirkətin prezidenti Ənvər Özərən Azərbaycan üçün ixtisaslı kadrların hazırlanmasına verdiyi əhəmiyyətə, göstərdiyi əməli kömək və qayğıya görə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevi “Çağ” Öyrətim İşlətmələri Şirkətinin xüsusi mükafatı ilə təltif etmişdir. Daha sonra Adəm Önal həmin mükafatı Rövnəq Abdullayevə təqdim etmişdir.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi şirkətdə kadrların hazırlığı proqramının Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə və onun birbaşa nəzarəti altında həyata keçirildiyini vurğulamış, dövlətimizin başçısının ölkəmizin gələcəyi naminə müasir biliklərə yiyələnmiş yeni tipli mütəxəssislərin hazırlanmasının qayğısına qaldığını söyləmişdir. O, qonaqlara ARDNŞ-in təqaüd proqramı çərçivəsində aparılan işlər barədə məlumat vermişdir. R.Abdullayev azərbaycanlı məktəblilərin beynəlxalq fənn olimpiadalarına hazırlığında göstərdikləri xidmətlərə görə “Çağ” Öyrətim İşlətmələri Şirkətinə təşəkkürünü bildirmişdir.
Görüşdə, həmçinin gələn il keçiriləcək beynəlxalq fənn olimpiadalarında Azərbaycan özəl türk liseyləri şagirdlərinin iştirakı məsələləri və Azərbaycanda ARDNŞ-in maliyyə dəstəyi ilə kimya, ekologiya və ya texniki fənlərdən biri üzrə beynəlxalq olimpiadanın təşkili imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.