Dövlət Neft Şirkətinin ekologiya idarəsində Dünya Yer Günü qeyd edilmişdir
Bakı, 23 aprel (AzərTAxc). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsi Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi Liderlik Məktəbinin üzvləri ilə birlikdə “Eko-park”da Dünya Yer Gününü qeyd etmişlər.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Eko-mərkəz” də təhlükəsizlik təlimatı ilə tanışlıqdan sonra tədbir iştirakçılarına 22 aprel - Dünya Yer Gününün yaranması haqqında qısa məlumat verilmiş, liderlik məktəbinin hazırladığı film nümayiş olunmuşdur.
Tədbir Yer kürəsinə aid şeir və mahnılarla davam etdirilmişdir. Həmçinin divar qəzetlərinin müsabiqəsi Yer kürəsi mövzusunda keçirilmiş, 1,2 və 3-cü yerlər üzrə qiymətləndirilmə aparılmışdır.
Sonda məktəblilər “Eko-park”ın ərazisini gəzmiş və xatirə şəkilləri çəkdirmişlər.
Dünyanın 192 ölkəsində qeyd olunan Dünya Yer Günü hər il planetimizin müxtəlif ölkələrində yaşayan milyonlarla insanı birləşdirir. Yer Gününü koordinasiya edən “Earth Day Network” hazırda 22000-ə yaxın təşkilat ilə əməkdaşlıq edir. 2009-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, Dünya Yer Günü hər il aprelin 22-də keçirilir.