DÖVLƏT NEFT ŞİRKƏTİNİN RƏHBƏRLİYİ NEFT DAŞLARINDA SƏYYAR MÜŞAVİRƏ KEÇİRMİŞDİR
Sonra qonaqlar müasir tələblərə uyğun təmir edilmiş yataqxana binasına baxmışlar. Təmirdən sonra tamamilə yenidən qurulmuş yataqxananın otaqlarını gəzən ARDNŞ prezidenti əfsanəvi Neft daşları əməkçilərinin yaşayışı və istirahəti üçün yaradılmış şəraitlə tanış olmuşdur. R.Abdullayev yataqxananın həyətində neftçilər qarşısında çıxış etmiş, 1887 və 2387 nömrəli dəniz özüllərinin quraşdırılması ilə Neft daşlarına ikinci həyat verildiyini söyləmiş, bundan sonra da sosial yönümlü tədbirlərin həyata keçiriləcəyini bildirmiş, 2007-ci ilin sonuna qədər bütün yataqxanaların əsaslı təmir olunacağını vurğulamışdır.
Görüşdə dəniz neftçiləri onların əməyini həmişə yüksək qiymətləndirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, öz işlərindən, problemlərindən bəhs etmişlər. ARDNŞ prezidenti Rövnəq Abdullayev fəhlələrin qaldırdıqları məsələlərlə bağlı “Azneft” İstehsalat Birliyinin baş direktoru Şahin İsmayılov və “Neft daşları” NQÇİ-nin rəisi Məhəmməd Ağayevə konkret tapşırıqlar vermişdir.
Daha sonra ARDNŞ rəhbərləri Neft daşlarında yerləşən 2 nömrəli qaz-kompressor stansiyasına gəlmişlər. “28 May”adına NQÇİ-nin rəisi Afiq Həsənov ARDNŞ prezidentinə stansiyanın fəaliyyəti və son bir ildə burada görülmüş işlər haqqında məlumat vermişdir. Azərbaycan Prezidenti İlham Əliyevin ARDNŞ qarşısında daxili imkanlar hesabına qazın yığımı və dövlətə təhvil verilməsi göstəricilərini artırmaq vəzifəsi qoyduğunu nəzərə çatdıran R.Abdullayev, bu istiqamətdə dəniz neftçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü xatırlatmışdır. Qaz-kompressor stansiyasının fəaliyyətini gücləndirmək üçün lazım gələn tədbirlər haqqında ARDNŞ prezidenti məlumatlandırılmış və həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı yerindəcə konkret şəxslərə tapşırıqlar verilmişdir.
Dənizdə yeni quraşdırılmış 1887 və 2387 nömrəli stasionar dəniz özüllərinə baxış keçirən ARDNŞ prezidenti bundan əlavə 1986-cı ildə istismara daxil edilmiş, ümumi gücü 48 MVt olan qaz turbinli elektrik stansiyasında da olmuş və bu obyektin yenidən qurulması ilə bağlı stansiyanın rəisi Xanlar Nağıyevin, habelə ARDNŞ və “Azneft” mütəxəssislərinin fikirlərini dinləmişdir.
Sonda Rövnəq Abdullayev ARDNŞ, “Azneft” İB, “Xəzərdənizneftdonanma”, “Neft daşları” və “28 May” adına NQÇİ-lərin rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirmişdir. Müşavirədə Neft daşlarında yeni quyuların qazılması, bunun üçün lazımi texniki və texnoloji avadanlığın alınıb gətirilməsi, səmt qazının yığılması və sahilə nəql olunması, polad dirəklər üzərində ucaldılmış bu şəhərciyin infrastruktur baxımından yeniləşməsi, Neft daşlarının sərnişin və yük gəmiləri ilə fasiləsiz təminatı, içməli su təchizatı, dəniz neftçilərinin sosial müdafiəsi məsələləri ətraflı müzakirə olunmuşdur.
Müşavirəyə yekun vuran Rövnəq Abdullayev ARDNŞ və “Azneft” İB rəhbərləri qarşısında duran vəzifələri bir daha onların nəzərinə çatdırmışdır.