Dövlət proqramı çərçivəsində xaricdə doktorantura təhsili üzrə maliyyələşmə sentyabrda keçiriləcək
Bakı, 1 iyul, AZƏRTAC
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili alan tələbələrin maliyyələşməsi sentyabrdan başlayaraq həyata keçiriləcək. Bu da yaxın illər ərzində Azərbaycanın təhsil sistemi və əmək bazarı üçün yüksək səviyyəli, dünyanın ən yaxşı 500-ə yaxın universitetində təhsil alan azərbaycanlı tələbələrin təhsil haqqının maliyyələşməsi və onların Vətənə qayıdaraq təhsilimizə verəcəyi töhfə deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində magistratura proqramının həyata keçirilməsi ilə bağlı onlayn mətbuat konfransında Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.
O bildirib ki, il ərzində iki dəfə qəbul nəzərdə tutulmuşdu. İlk qəbul baş tutdu. 2021-ci ilin yanvar ayı üçün də növbəti qəbul sisteminin aktivləşdirilməsi planlaşdırılır.