DÖVLƏT PROQRAMI İLƏ ƏLAQƏDAR DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin, Milli Məclis deputatlarının iştirak etdikləri tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova çıxış edərək bildirmişdir ki, Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş proqram xeyirxah məqsədə xidmət edir. Proqramın qəbul edilməsi dövlətimizin başçısının xalqımızın gələcəyi olan uşaqlara qayğısının bariz nümunəsidir.
H.Hüseynova Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində uşaqların valideynlərini itirməsi, qaçqın və məcburi köçkün ailələrinin maddi vəziyyətinin ağırlığı və digər sosial problemlər dövlət uşaq müəssisələrində uşaqların sayının artmasına səbəb olduğunu bildirmişdir.
Belə uşaqların dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edən komitə sədri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq bağçaları, məktəblər, internat evləri üçün binalar tikildiyini, xüsusi qayğıya ehtiyacı olan uşaqların müalicəsi ilə bağlı tədbirlər görüldüyünü diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, uşaqların gələcəyi üçün böyük əhəmiyyət daşıyan bu proqram onların dövlət uşaq müəssisələrindən ailələrə verilməsini, hüquqlarının qorunmasını, uşaqları qəbul edən ailələrə sosial yardımın göstərilməsini və digər məsələləri əhatə edir. Proqramdan məqsəd uşağın ailə mühitində böyüməsinin, alternativ qayğının təşkili mexanizmlərinin yaradılmasını təmin etməkdir. Bundan əlavə, proqramda dövlət himayəsində olan uşaqların ailə mühitində inkişafı, uşaq evləri və internat məktəblərin ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz edilməsi nəzərdə tutulmuşdur.
YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hana Singer proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətindən danışmışdır.
AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova Dövlət Proqramının aspektlərini, məqsəd və vəzifələrini, uşaq rifahı və de-institusionalizasiya islahatlarının həyata keçirilməsində əsas imkanları, həlli vacib olan problemləri və müvafiq təklifləri əhatə edən təqdimatla çıxış etmişdir.
Dövlət Proqramına dair geniş müzakirələrin aparıldığı tədbirdə YUNİSEF-in dəvəti ilə ölkəmizə gəlmiş beynəlxalq ekspertlər Alfredo Kamerini və xanım Fulvia Tomatis bu sahədə İtaliya təcrübəsindən danışmışlar.