“DÖVLƏT QULLUQÇULARININ PENSİYA TƏMİNATI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU QƏBUL EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, deputatlar gündəliyə münasibətlərini bildirdikdən sonra müzakirələr başlanmışdır. Əvvəlcə Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” məsələ müzakirə olunmuşdur. Milli Məclis sədrinin müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov, elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimovun məlumatlarından sonra “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamə”nin ikinci bəndində, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 16 nömrəli əlavəsində dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Təhsil Qanununun 21-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci, 84-cü maddəsinin beşinci hissələrinə əlavələr olunmuşdur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilmişdir.
Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə (üçüncü oxunuş) məlumat vermişdir. O qeyd etmişdir ki, 2001-ci ilin sentyabrından ölkədə “Dövlət qulluğu haqqında” Qanun fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun yeni layihəsini müzakirəyə təqdim etmişdir. Bu sənəd dövlət qulluğunun müxtəlif sahələrində çalışan məmurların həyatında mühüm əhəmiyyətə malikdir. Layihə iki oxunuşda geniş müzakirə edilmişdir. Deputatlar rəy, irad və təkliflərini bildirmiş, dəyişikliklər irəli sürmüşlər. Bütün bunlar işçi qrupunda araşdırılmış, mütəxəssislər tərəfindən öyrənilmiş, komissiyada dəfələrlə müzakirə olunmuşdur. Təkliflərin biri qanun qəbul olunduqdan sonra onun keçmiş partiya və sovet işçilərinə də şamil olunması ilə əlaqədar idi. Lakin bu təklifin qəbulu məqbul sayılmadı, ölkənin, həmçinin Dövlət Sosial Müdafiə Fondunun maliyyə vəziyyəti həmin kateqoriyanı əhatə etməyə imkan vermir. Digər tərəfdən, dövlət qulluqçusu institutu 2001-ci ildən mövcuddur.
Natiq xatırlatmışdır ki, deputatların dövlət məvacibinin sonrakı indeksləşdirilməsi və başqa təklifləri qəbul olunmuş, redaksiya dəyişiklikləri edilmişdir.
Qanun layihəsi səsə qoyularaq qəbul olunmuşdur.
Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə məlumat vermişdir. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, deputat Amalya Pənahova çıxış etmişlər.
Qanun layihəsi səsə qoyularaq qəbul edilmişdir.
Bununla da Milli Məclisin iş günü başa çatmışdır.