Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Kürdəmirdə vətəndaşlarla görüşüb
Bakı, 15 dekabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaş qəbulları davam etdirilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, növbəti qəbul dekabrın 14-də Kürdəmir şəhərində keçirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Kürdəmir, Zərdab, Ucar rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi ehtiramla anılıb.
Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində müzakirə edilərək həlli yolları izah olunub, digər məsələlərlə bağlı suallar qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb.