Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 31-də Dövlət İmtahan Mərkəzi (DİM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu ilə birgə Fondun Bakı şəhərində yerləşən struktur bölmələrindəki müvafiq vakant vəzifələrə işə qəbul imtahanının test mərhələsini keçirəcək.
DİM-dən AZƏRTAC-a bildiriliblər ki, imtahan Bakı şəhərində təşkil olunacaq. Namizədlərin qeydiyyatı Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 1777 nəfərin namizədliyi qeydə alınıb.
İştirakçılar Dövlət İmtahan Mərkəzinin saytından imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi namizədin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
İmtahan iştirakçıları daha ətraflı məlumatla “Namizədin yaddaş kitabçası”nda tanış ola bilərlər.