CƏMİYYƏT
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Vaşinqtonda qeyd olunub VİDEO
Vaşinqton, 23 dekabr, AZƏRTAC
Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı, valideynlər və digər qonaqlar da iştirak ediblər.
Əvvəlcə məktəbin şagirdləri Azərbaycanın dövlət himnini ifa ediblər.
Daha sonra “Yeni il gəldi” mahnısı ifa olunub, Şaxta babanın tədbirə gəlişi böyük sevinclə qarşılanıb.
Tədbir zamanı Həmrəylik Gününə, Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib, “Nəlbəki”, “Uzundərə”, “Turacı” milli rəqsləri nümayiş olunub. Şagirdlərin ifaları alqışlarla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevralında təsis edilib, Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton