DÜNYA BANKI AZƏRBAYCANDA SƏHİYYƏ SİSTEMİNİN İSLAHATLAR LAYİHƏSİ ÜÇÜN KREDİT AYIRMIŞDIR
Səhiyyə naziri bildirmişdir ki, 6 ilə həyata keçiriləcək layihə yeni maliyyələşdirmə sisteminin tətbiqi, tibbi sığorta, tibbi heyətin ixtisasının artırılması və yeni səhiyyə müəssisələrinin inşası kimi 4 hissədən ibarətdir.
ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders Prezident İlham Əliyevin ölkədə müasir səhiyyə sisteminin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayaraq bildirmişdir ki, bunsuz dinamik iqtisadi inkişaf mümkün deyildir.
Maliyyə naziri Samir Şərifov mərasimdə çıxış edərək demişdir ki, səhiyyə sisteminin büdcədən maliyyələşdirilməsinin həcminin ilbəil artması dövlətimizin başçısının bu sahəyə daim diqqət göstərməsindən xəbər verir. Belə ki, gələn ilin büdcəsində səhiyyə sahəsinə 353 milyon AZN ayırmaq nəzərdə tutulmuşdur ki, bu da sahənin büdcədən maliyyələşdirilməsini 60 faiz artırır.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirmişdir ki, sığorta sisteminin tətbiqi tam şəffaflıq şəraitində fəaliyyət göstərən xüsusi fond yaradılmasını tələb edir. Onun sözlərinə görə, müasir tələblərə uyğun olaraq, “Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər edilməlidir.