DÜNYA BANKI LAYİHƏSİNİN İKİNCİ MƏRHƏLƏSİNİN BÜDCƏSİ VƏ TƏFƏRRÜATI DƏQİQLƏŞDİRİLİR
Dünya Bankının Bakıda səfərdə olan ekspertlər qrupu bankın “Azərbaycanın təhsil sistemində islahatlar” layihəsinin ikinci mərhələsinin büdcəsinin həcmini və texniki parametrlərini öyrənir. Bunu AZƏRTAC-a DB-nin Bakıdakı nümayəndəliyindən bildirmişlər.
Ekspertlər ikinci mərhələnin təfərrüatı ilə də tanış olacaq və onun baza büdcəsini müəyyənləşdirəcəklər. Mütəxəssislərin fikrincə, bu büdcə 10-15 milyon dollar təşkil edə bilər.
Ekspertlərin işlərinin nəticələri müzakirə üçün DB-nin Direktorlar şurasına təqdim olunacaq və o, layihənin ikinci mərhələsi üzrə kredit sazişi hazırlamaq barədə qərar qəbul edəcəkdir. Layihəni DB-nin bölmələrindən olan - Beynəlxalq İnkişaf Assosiasiyası Azərbaycan Respublikası hökuməti ilə birgə maliyyələşdirəcəkdir.
Bu layihə ölkənin təhsil sisteminin 10 illik islahatlar proqramı çərçivəsində dünyanın ən iri beynəlxalq maliyyə təsisatlarının köməyi ilə həyata keçirilir.
Xatırladaq ki, Dünya Bankının təhsil islahatı sahəsində layihəsinin birinci mərhələsi hələ ötən il başa çatmışdır. Onun həyata keçirilməsinə 5 milyon dollar ayrılmışdı. Bu vəsaitlə ali məktəblər üçün pedaqoji kadrlar hazırlanması sistemi təşkil edilmiş, təhsili idarəetmə sahəsində araşdırmalar aparılmış, onun qanunvericilik bazası yaradılmışdır.
İkinci mərhələ uğurla başa çatdırıldığı təqdirdə, Dünya Bankının maliyyələşdirəcəyi daha iki layihənin həyata keçirilməsi nəzərdə tutulur.