Dünya birliyinin susqunluğu fonunda Ermənistanın aqressivliyi və barbarlığı daha da genişlənə bilər
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 3-4-də Cəbrayıl, Ağdərə, Tərtər rayonları istiqamətində bir sıra ərazilərin düşməndən azad edilməsi və bayraqlarımızın tarixi torpaqlarımızda dalğalandırılması Ermənistanın militarist, şovinist rəhbərliyini daha da azğınlaşdırıb. Elə bu səbəbdəndir ki, oktyabrın 4-də Gəncə, Mingəçevir, Tərtər, Beyləqan, Xızı və Abşeron raketlərlə hədəfə alınıb. Nəticədə mülki insanlar yaralanıb, həlak olub, dağıntılar baş verib. Bütün bunlar isə əlbəttə ki, bir daha Ermənistanın barbarlığını, təcavüzkarlığı nümayiş etdirir. Ona görə də dünya birliyi buna susmamalıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Gəncənin, Mingəçevirin, Xızı və Abşeronun hədəfə alınmasının çox dərin mətləblərdən xəbər verdiyini qeyd edın Sədaqət Vəliyeva bildirib: “Ermənistan hazırda hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda mülki şəxsləri hədəfə almaqla Azərbaycanı təxribata çəkmək istəyir. Nəzərə alsaq ki, Gəncə Ermənistandan 60, Mingəçevir isə 100 kilometr uzaqda yerləşir, eyni zamanda, buraxılan raketlərin başlanğıc nöqtəsi Ermənistan ərazisindədir, deməli, Yerevan Bakını açıq şəkildə total müharibəyə cəlb etmək niyyətindədir”.
“Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun inamla irəliləməsi, tarixi ədaləti bərpa etməsi Ermənistanın aqressivliyini və barbarlığını daha da genişləndirə bilər”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, hazırda dünya birliyi, beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu susmamalıdır. “Bir anlıq təsəvvür edək ki, Azərbaycan Ermənistanın Gəncə və Mingəçevir hücumlarına cavab olaraq raket zərbələri endirir. O zaman biz bu gün Ermənistanın barbarlığına susanların necə canfəşanlıq edəcəyini əyani şəkildə görəcəyik. Lakin onlar hələ də Yerevanın təcavüzkar əməllərinə susur, ona qarşı heç bir addım atmırlar. Əgər beynəlxalq təşkilatlar bu gün Ermənistanın barbar hücumlarını münasibət bildirməsə, Yerevana qarşı tənbeh tədbirləri görməsə, vəziyyət daha da gərginləşə bilər. Prezident İlham Əliyev neçə illərdir dünya birliyinə Ermənistanın yeni müharibəyə hazırlaşdığını desə də, təcavüzkara qarşı tədbirlər görməyə çağırsa da, heç bir addım atılmadığı üçün bu gün Azərbaycan tarixi ədaləti özü təmin edir. Ona görə nə qədər gec deyil, dünya birliyi Ermənistanın mülki əhaliyə qarşı hücumlarını dayandırması üçün hərəkətə keçməlidir. Əks təqdirdə, baş verə biləcək hadisələrin məsuliyyəti Ermənistanın üzərində olacaq”, - deyə deputat qeyd edib.