Dünya ekosisteminin qorunmasına dair elmi müzakirələr aparılıb
Bakı, 22 may, AZƏRTAC
Buzlaqların, xüsusilə Antarktidanın ekoloji durumunun zəifləməsi və pozulması bəşəri əhəmiyyət kəsb edən məsələlərdəndir. Çünki buzlaqlarda insan üçün çox vacib olan bioloji amillər və böyük mineral xammal ehtiyatları mövcuddur. Dünya coğrafiyasında baş verən dəyişikliklər Bakı Dövlət Universitetinin (BDU) təbiət fakültələrinin diqqət mərkəzindədir. BDU-nun Coğrafiya və Geologiya fakültələri və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə “Antarktidanın ekosisteminin qorunması və onun əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Coğrafiya fakültəsinin dekan müavini Qoşqar Məmmədov Antarktida ekosisteminin qorunmasının dünya coğrafiyasındakı əhəmiyyətindən danışıb, hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçının Antarktida ilə bağlı araşdırmalara cəlb olunduğunu diqqətə çatdırıb.
Coğrafiya fakültəsinin Dünyanın fiziki coğrafiyası kafedrasının baş müəllimi İrkan Aktoprak Antarktidanın quru və su mühitinin canlıları barədə məlumat verib, bu ərazinin dünya ekosistemində mühüm rol oynadığından bəhs edib.
Geologiya fakültəsinin Hidrologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynova Antarktida ekosisteminin qorunmasında dünya ölkələrinin göstərdiyi təşəbbüslər və görülən işlər barədə məlumat verib.
Sonra Coğrafiya fakültəsi TGT sədrinin müavini Cavid Bağırov BMT tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin 15-ci bəndində qeyd olunan hədəflərdən danışıb, torpaq ekosisteminin mühafizəsi çərçivəsində bioloji müxtəlifliyin itirilməsinin günün planetar əhəmiyyətli problemi olduğunu deyib.
Sonda Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova çıxış edərək dünya ölkələrinin alimləri ilə birgə planetar əhəmiyyətli təşəbbüsə qoşulmağa və BDU alimlərinin bu prosesə elmi-praktik töhfə verməli olduğuna diqqət çəkib.