DÜNYA ÖLKƏLƏRİ NARKOTİKLƏRİN ƏLEYHİNƏDİR
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SCAD) Regional Yardım Proqramı çərçivəsində ayın 21-dən 26-dək Azərbaycanda da həmin günə həsr olunmuş müxtəlif tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, Sumqayıt şəhərində SCAD Proqramının maliyyə dəstəyi ilə hazırlanmış “Axırıncı doza” sənədli filminin təqdimatı, Salyanda seminar, Bakıda R.Behbudov adına Dövlət Mahnı Teatrında maarifləndirici tədbir, 2005-ci ildə hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni dövriyyədən çıxarılmış 100 kiloqramdan artıq müxtəlif narkotik vasitənin yandırılması, Bərdədə “Narkotiklər uşaq oyuncağı deyil!” devizi altında festival keçirilməsi planlaşdırılmışdır.
Tədbirlər ayın 26-da dənizkənarı Milli Parkda Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə yekunlaşacaqdır.