DÜNYANIN ƏN QOCAMAN SAKİNİ DAĞISTANDA YAŞAYIR
Sərhət Rəşidova ömrü boyu Yuxarı Zidyan dağ kəndində yaşamışdır. Qocalığına baxmayaraq, tənha qadın kiçik təsərrüfatını təkbaşına təmiz və səliqə-sahmanlı saxlayır. Onun əri hələ ötən əsrin 1950-ci illərində vəfat etmişdir. Nənəyə hərdən qonşuları kömək edirlər. Onu mərhum ərinin nəvə-nəticələri də unutmurlar. Özünün isə uşaqları heç vaxt olmamışdır.
Bir neçə dəfə qohumları nənəni Dağıstanın mərkəzinə aparsalar da, o, hər dəfə öz kəndinə qayıtmışdır. Nənə demişdir: “Şəhərdə ən çox bir ay yaşaya bilirəm. Ora mənimçün deyil”.
Üç il əvvəl Dərbənd şəhərində verilmiş pasport Sərhət Rəşidovanın, həqiqətən, 131 yaşının tamam olmasına sübutdur. Milis rəisi jurnalistlər qarşısında təsdiq etmişdir ki, onun paspotrunda heç bir səhv yoxdur.
Nənə uzunömürlüyün sirri haqqında jurnalistlərin sualına cavab verə bilməmişdir. Onun sözlərinə görə, uzun həyatı boyu heç vaxt xəstələnməmiş və dərman içməmişdir. O demişdir: “Bizim nəslimizdə uzunömürlülər olmuşdur. Babam yüz ilədək yaşamışdır. Ərim də çox yaşamışdır”.