Düşənbədə Xocalı faciəsinin ildönümü qeyd edilmişdir
Düşənbə, 26 fevral (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Mərasimdə Düşənbədə akkreditə olunmuş xarci ölkələrin səfirlik və beynəlxalq təşkilatlarının nümayəndələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev Xocalı faciəsinin yaranma səbəbləri haqqında ətraflı məlumat vermişdir. Diplomat vurğulamışdır ki, Xocalı faciəsi ötən əsrin ən böyük cinayətlərindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının əsgərləri ilə birgə Dağlıq Qarabağın Xocalı şəhərini büsbütün məhv edərək insanlığa silinməz ləkə olan əsl soyqırımı aktı törətmişlər.
Səfir faciə ilə bağlı Azərbaycanda və dünyanın bir çox ölkələrində İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyasının həyata keçirildiyini vurğulamışdır.
Tədbirdə səfirlik tərəfindən tacik, rus və ingilis dillərində hazırlanmış “Xocalıya ədalət zəfər çalacaq - tarixin məhkəməsi qaçılmazdır” kitabçasının təqdimat mərasimi də keçirilmişdir.
İştirakçılara Xocalı soyqırımı haqqında Azərbaycan, rus, ingilis və alman dillərində disk, həmçinin məlumatlar paylanmışdır.
Tacikistanın Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarına, Düşənbədə akkreditə olunmuş xarci ölkələrin səfirlik və beynəlxalq təşkilatlarına, KİV-lərə Xocalı faciəsi haqqında kitab, broşür və digər məlumatlar göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə