EANA-nın Berlində keçirilən konfransı başa çatıb
Berlin, 4 aprel, AZƏRTAC
Berlində Avropa İnformasiya Agentlikləri Alyansının (EANA) feyk xəbərlərə və yanlış informasiyaya qarşı mübarizədə informasiya agentliklərinin texnoloji yeniliklərdən istifadəsinə həsr olunmuş yaz konfransı başa çatıb. Bölmə iclaslarında bu sahədə aparıcı ekspertlər, o cümlədən hüquqları qorunan fotoşəkillərin oğurlanması ilə mübarizə aparan və müəllif hüquqlarının pozulmasına görə iddialar qaldıran Pixray şirkətinin icraçı direktoru Denis Vetsiq çıxış ediblər. O, konfrans iştirakçılarına bu məqsədlər üçün xüsusi olaraq hazırlanmış “tul” təqdim edib və həmin məhsuldan istifadə qaydalarını göstərib.
Almaniyanın “dpa” agentliyinin nümayəndəsi Stefan Boss konfrans iştirakçılarına feyk xəbərləri ifşa etmək üçün istifadə edilən digər proqramı nümayiş etdirib.
Türkiyənin Anadolu Agentliyinin təmsilçisi Ural Yeşil yanlış informasiyalara qarşı mübarizə üçün nəzərdə tutulmuş texniki vasitələr barədə məlumat verib.
Konfransın başa çatmasından sonra iştirakçılar “dpa” agentliyinin xəbər zalında olublar (newsroom). Onlar burada xəbərlərin hazırlanması prosesini izləyiblər.