Əbu-Dabidəki “Formula-1 Fan zona”da Azərbaycan pavilyonuna böyük maraq göstərilir
Əbu-Dabi, 28 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Əbu-Dabidə “Formula-1” yarışlarının sonuncu - 19-cu Qran-prisi keçirilir.
AZƏRTAC xəbər verir ki, gələn il Bakıda təşkil olunacaq Avropa Qran-prisinin təşkilatçı şirkəti “Bakı Şəhər Halqası”nın əməkdaşları və jurnalistlər Əbu-Dabinin mərkəzində yerləşən “Formula-1 Fan zona”da olublar.
Yerli əhalinin və turistlərin ən çox üz tutduqları məkanlardan olan “Formula-1 Fan zona”da müxtəlif müsabiqələr təşkil olunur, dünyanın tanınmış müğənniləri konsert proqramları ilə çıxış edirlər.
Bir çox pavilyonların yer aldığı məkanda ziyarətçilər gələn il Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-prisinin pavilyonuna böyük maraq göstərirlər. Burada ziyarətçilərə Azərbaycanın turizm potensialından və Avropa Qran-prisindən bəhs edən bröşürlər paylanır. Həmçinin monitorlarda ölkəmizlə bağlı videoçarx nümayiş olunur.
“Formula-1 Fan zona”da 10 oyun aparatı quraşdırılıb ki, istənilən şəxs bunlardan istifadə edərək “Formula-1” yarışlarında öz gücünü sınaya bilər. Noyabrın 29-da keçiriləcək müsabiqənin yekununda qalibə Avropa Qran-prisinə bilet təqdim ediləcək.
Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri
Əbu-Dabi