Ədəbiyyat Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının yeni üzvləri təsdiqlənib
Bakı, 2 sentyabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi hər il yeni doktorant və dissertantlarını Gənc Alim və Mütəxəssislər Şurasına üzv qəbul edir. Builki iclas onlayn qaydada keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclasda yeni üzvlərə şuranın iş prinsipi, qayda və tələbləri izah olunub. Dissertantlar, filologiya üzrə elmlər doktorları Vüsalə Ağabəyli və Mahirə Hacıyeva, doktorantlar İlahə Abbaslı, Murad Həsənli, İnci Həşimova və Elnarə Kərimova səsvermə yolu ilə muzeyin Gənc Alim və Mütəxəssislər Şurasına üzv olaraq qəbul ediliblər.
Daha sonra yeni üzvlərin sualları şuranın sədri Dilbər Hüseynova və Təhsil şöbəsinin müdiri Kəmalə Nuriyeva tərəfindən cavablandırılıb, üzvlərin təklifləri qiymətləndirilib.
Sonda Gənc Alim və Mütəxəssislər Şurasının növbəti planları, görüləcək işlər barədə müzakirələr aparılıb, yeni üzvlərin də fəal iştirakını nəzərdə tutan layihələrin hazırlanması qərara alınıb.