Xəbər verildiyi kimi, Ədliyyə Nazirliyi ilə bir sıra qeyri-hökumət təşkilatları birgə “Azərbaycan Respublikasının penitensiar sistemində islahatlara yardım və nəzarəti həyata keçirən ictimai şura haqqında Əsasnamə” qəbul edilmiş və buna dair müvafiq Bəyannamə imzalanmışdır. Bəyannamə ədliyyə nazirinin müavini A.Qasımov, Avrasiya sülh və insan hüquqları təşkilatının sədri N.Ələkbərov, “El” inkişaf proqramları mərkəzinin sədri E.Ələkbərova, Azərbaycan demokratiyanın inkişafı və insan haqlarını müdafiə fondunun sədri M.Sadəddinov, D.Əliyeva adına qadın hüquqlarını müdafiə cəmiyyətinin sədri N.Cəfəroğlu, Azərbaycan işgəncələr əleyhinə komitənin sədri E.Behbudov, gənc hüquqşünaslar birliyinin sədri N.Adilov, humanitar tədqiqatlar cəmiyyətinin sədri Ə.Həsənov, Azərbaycan demokratiya və insan hüquqları komitəsinin sədri Ç.Qənizadə tərəfindən imzalanaraq, bütün kütləvi informasiya vasitələrinə çatdırılmışdır.
Buna baxmayaraq, “Bakı xəbər” qəzetinin 2004-cü il 3 iyun tarixli nömrəsində dərc edilmiş “Ədliyyə Nazirliyi hüquq müdafiəçiləri arasında ayrı-seçkilik salır?” sərlövhəli məqalədə iddia olunur ki, guya Ədliyyə Nazirliyi ölkədə məhbusların problemləri ilə məşğul olan bir çox hüquq müdafiəçilərini bu işdən kənarda saxlamışdır.
Bu fikir həqiqətə uyğun deyildir, çünki imzalanmış Bəyannamədə birmənalı şəkildə göstərilmişdir ki, sənəd imza üçün açıqdır və ölkəmizin istənilən hüquq müdafiə təşkilatı buna qoşularaq, yeni yaradılmış şuranın üzvü ola bilər.