ƏFQANISTANDA İKİ ALMANİYALI JURNALİST QƏTLƏ YETİRİLMİŞDİR
Naməlum qüvvələrin sülhməramlı jurnalistlərə qarşı törətdiyi qəsdin səbəb və motivləri araşdırılır.
Əfqanıstandakı İSAF komandanlığındakı və ölkə Daxili İşlər Nazirliyindəki mənbələrdən verilən məlumatlarda alman jurnalistlərinə qarşı törədilən qəsd hadisəsi təsdiqlənir. Bildirilir ki, Əfqanıstanda xidməti ezamiyyətdə olan ”Alman dalğası”nın müxbiri xanım Karen Fişer və operator Kristian Ştruve oktyabrın 7-də gecə İSAF sülhməramlılarının nəzarəti altında olan Bağlan əyalətindən Bamyana gedən yolda güllələnmişlər.
Hərbçilərin müşayiəti olmadan yola çıxan və əraziyə nabələd jurnalistlər iki əyalətin arasında yerləşən Abu Tutaq yaşayış məntəqəsində yol kənarında çadır qurmuş və gecələmək qərarına gəlmişlər. Naməlum qəsdçilər jurnalistləri çadırda yatmış vəziyyətdə odlu silahdan atəş açaraq qətlə yetirmişlər.
Əfqan polisinin ehtimalına görə, qətl soyğunçuluq məqsədilə törədilməmişdir, çünki qəsdçilər jurnalistlərin şəxsi əşyalarına, video və foto aparatlarına, hətta çadırın yanında saxladıqları avtomobilə belə toxunmamış, yalnız jurnalistləri qətlə yetirərək hadisə yerindən uzaqlaşmışlar.
Jurnalistlərin həyatına edilən qəsd hadisəsini təsdiqləyən Almaniya Federal Xarici İşlər Nazirliyi müvafiq bəyanat vermişdir.
Almaniya federal xarici siyasət idarəsinin başçısı Frank Ştaynmayer də hadisə ilə bağlı bəyanat vermişdir.