“Ekol Mühəndislik Xidmətləri” QSC-də Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü qeyd olunmuşdur
Bakı, 5 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar tədbirlər keçirilmişdir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə keçirilən toplantıda müəssisənin baş direktoru Ramil Əliyev “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün yaranma tarixi və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 1971-ci il mayın 11-də dünyanın 23 ölkəsinin 2 min 200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin baş katibinə müraciət ünvanlanmışdır. Bu müraciətlə onlar bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişlər. Bununla əlaqədar olaraq, 16 dekabr 1972-ci ildə BMT-nin Baş Assambleyasının 27-ci sessiyasında qərar qəbul edilmiş və o vaxtdan 5 iyun - Ümumdünya Ətraf Mühit Günü hər il yüksək səviyyədə qeyd olunur.
Toplantıda həmçinin, QSC-nin ekoloji monitorinq departamentinin rəis müavini Hafiz Əbilov ““Ekol Mühəndislik Xidmətləri” QSC-nin ətraf mühitin mühafizəsində rolu”, ictimai sosial şöbənin rəisi Fəxrəddin Quliyev “Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülən işlər”, ekoloji monitorinq departamentinin rəis müavini Natella Şəfiyeva isə “Ətraf mühitin mühafizəsinə hər bir vətəndaşın münasibəti” mövzularında məruzələrlə çıxış etmişlər.
Ətraf mühitin mühafizəsi ilə əlaqədar nümayiş etdirilən videoçarxlar iştirakçılar tərəfindən maraqla izlənilmişdir. Tədbirdə QSC-nin 7 nəfər əməkdaşı ətraf mühitin mühafizəsi sahəsindəki səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunmuşlar.
Tədbirdən sonra torpaqların rekultivasiyası departamentinin xidmət göstərdiyi “Bibiheybətneft” neft və qazçıxarma idarəsinin mədən ərazisindəki yaşıllıq sahəsində tematik iməcilik keçirilmişdir. Tədbirin iştirakçıları ətrafdakı insanların diqqətini cəlb etmək məqsədilə, ərazidəki yaşıllıqlara aqrotexniki xidmətlər göstərmiş və yeni ağaclar əkmişlər.