“Ekol Mühəndislik Xidmətləri” QSC-nin xarici əlaqələri genişlənir
Bakı, 12 aprel (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun rəhbərliyilə Avropa İttifaqının Belçika-Lüksemburq cənub-qərbi Avropa üzrə Ticarət Palatasının prezidenti Milan Jeziç von Bessenek və ekologiya üzrə məsləhətçi Vladislav Bisek arasında görüş olmuşdur.
Görüşdə M.J. von Bessenek təmsil etdiyi qurumun fəaliyyətinin dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərinin ekoloji durumu ilə tanış olmaq və “yaşıl iqtisadiyyat” sahəsində Avropa İttifaqı Komissiyasının hesabatını hazırlamaqdan ibarət olduğunu bildirmişdir. O, bundan əvvəl bir sıra MDB ölkələrində olduqlarını, lakin “Ekol” şirkəti kimi geniş fəaliyyət spektrinə və maddi texniki bazaya malik təşkilata rast gəlmədiklərini vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycana gəlişləri ölkənin dinamik inkişafı fonunda iqtisadiyyatla yanaşı mövcud ekoloji problemləri öyrənmək, əldə edilən nəticələri və təklifləri hökumətə, Avropa İttifaqı Komissiyasına təqdim olunacaq hesabata daxil etmək məqsədi daşıyır.
QSC-nin baş direktoru Ramil Əliyev dünya dövlətlərində ekoloji layihələrin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən istənilən şirkətilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişdir.
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin bəzi detalları müzakirə olunmuşdur.