“Ekol Mühəndislik Xidmətləri” QSC xarici əlaqələrini genişləndirir
Bakı, 22 aprel (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” QSC-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumun baş direktoru Ramil Əliyev İngiltərənin Azərbaycandakı səfirliyinin ikinci katibi, ticarət və enerji şöbəsinin müdiri xanım Ann Herdlə görüşmüşdür. Görüşdə xanım Ann Herd qeyd etmişdir ki, Azərbaycanda fəaliyyət göstərən bir çox ekoloji yönümlü şirkətlərlə tanış olmuş, lakin QSC-in fəaliyyəti və gördüyü işlər onda daha çox maraq doğurmuşdur. Elə bu səbəbdən də QSC-in fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün bu görüşün keçirilməsinə təşəbbüs göstərmişdir.
Baş direktor R.Əliyev QSC-in yaranma tarixi, təsisçiləri və fəaliyyəti haqqında qonağa məlumat vermişdir. Bildirmişdir ki, hazırda neft şlamının emalı və zərərsizləşdirilməsində, sənaye-çirkab suların təmizlənməsində dünyanın tanınmış şirkətlərinin ( “Facet”, “Alfa-Laval”, “Börger” və s.) qurğuları istehsalatda uğurla tətbiq edilir. O, ölkəmizdə neft sənayesi sahəsində fəaliyyət göstərən “bp Exploration (Caspian SEA)” LTD və “TOTAL” şirkətləri ilə tullantıların idarə olunması sahəsində sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu da diqqətə çatdırmışdır.
Xanım Ann Herd ekoloji problemlərin ümumbəşəri bir problem olduğunu, buna görə də Böyük Britaniyanın ətraf mühit sahəsində fəaliyyət göstərən şirkətləri ilə QSC arasında əlaqələrin yaradılması, mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinin aparılması məqsədi ilə qarşılıqlı səfərlərin təşkil olunmasının məqsədəuyğunluğunu vurğulamışdır.
Tədbirdə qərara alınmışdır ki, belə görüşlərin davamlı aparılmasına ehtiyac vardır.