Ekologiya və təbii sərvətlər naziri Daşkəsən rayonunda vətəndaşları qəbul edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Daşkəsən şəhərində yerləşən Dövlət Arxiv İdarəsində Daşkəsən, Gədəbəy, Samux, Göygöl rayonlarının və Gəncə şəhərinin vətəndaşlarını qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi, onların narazılığına səbəb olan halların aradan qaldırılması və qanunauyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.