Ekologiya və Təbii Sərvətlər Nazirliyi Beynəlхalq Yer günü ilə əlaqədar tədbirlər həyata keçirəcəkdir
Bakı, 19 aprel (AZƏRTAC). ХIХ əsrin 40-cı illərində ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif edilmişdir. 1882-ci ildə 22 aprel bu ştatda “Ağac günü” adı ilə rəsmi bayram elan olunmuşdur.
1970-ci ildən isə senator Geylord Nelsonun təklifinə əsasən, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədi ilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılmışdır. Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırkı dövrdə 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il aprelin 22-də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Nazirlikdən AZƏRTAC-a bildirilmişdir ki, bu günlə əlaqədar paytaxtda və regionlarda ictimaiyyətin nümayəndələrini cəlb etməklə iməciliklər təşkil olunacaq, xidməti ərazilərdə ağacların əkilməsi, yaşıllıqlara qulluq edilməsi, təmizlik işlərinin aparılması tədbirləri həyata keçiriləcəkdir. Eyni zamanda, təhsil müəssisələrində şagird və tələbələr üçün ekoloji təbliğat xarakterli dəyirmi masalar, görüşlər, seminar məşğələlər təşkil ediləcəkdir.