Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı qeyd olunmuşdur
Bakı, 23 may (AZƏRTAC). Mayın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramına həsr olunmuş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov açaraq Azərbaycan Prezidenti İlham Əliyevin təbiətin qorunması ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramından, bu sahədə hüquqi bazanın yaradılmasından, ötən 10 ildə təbii sərvətlərin mühafizəsi, milli parkların təşkili istiqamətində görülmüş mühüm işlərdən danışmışdır. Bildirmişdir ki, Prezident tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi çərçivəsində ötən il böyük miqyaslı layihələr həyata keçirilmiş, ölkədə ekoloji siyasət formalaşmışdır.
Məhz bu siyasətin nəticəsində 8 qoruq və 3 yasaqlıq yaradılmış, Xəzər sahillərində 17 modul tipli sutəmizləyici qurğu quraşdırılmış, 2 milyon kubmetr çirklənmiş suyun dənizə axıdılmasının qarşısı alınmışdır. Bundan əlavə, 18 rayonun 185 yaşayış məntəqəsində belə qurğuların istifadəyə verilməsi nəticəsində əhali içməli su ilə təmin olunmuşdur. Nazir demişdir ki, “Eurovision” mahnı müsabiqəsinin 2012-ci ildə Azərbaycanda keçirilməsi bütün sahələr kimi, bizim də üzərimizə əlavə vəzifələr qoyur.
Tədbirdə Qubadlı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Çərkəz Məmmədov, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev və başqaları son vaxtlar ölkədə ekoloji tarazlığın qorunması istiqamətində uğurların əldə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Yığıncaqda ETSN əməkdaşlarına “Əməkdar Mühəndis” fəxri adının verilməsi və peşə bayramı münasibətilə bir qrup şəxsin “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar diqqətə çatdırılmışdır.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
######
