Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində növbəti reyd keçiriblər
Bakı, 16 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.
Departamentdən AZƏRTAC-a bildirilib ki, Oğuz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Qumlaq bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində diametri 22-82 santimetr olan yaşköküstə 8 qovaq ağacının kəsildiyi və təbiətə 5500 manat məbləğində ziyan dəydiyi məlum olub. Araşdırma zamanı ağacların Oğuz rayon sakinləri Elnur Abduyev, Elmar Abduləzizov və İmran Əhmədov tərəfindən kəsildiyi müəyyən edilib.
Quba rayonu ərazisində keçirilən reyd zamanı Quba-Xaçmaz avtomobil yolunun 5-ci kilometrliyində diametri 16-50 santimetr olan yaşköküstə 36 müxtəlifcinsli ağacın kəsildiyi aşkarlanıb. Nəticədə təbiətə 17630 manat məbləğində ziyan dəyib. Araşdırma zamanı ağacların Quba rayon sakini İmran İlyasov tərəfindən kəsildiyi müəyyənləşib.
Gədəbəy rayonu ərazisində keçirilən reyd zamanı diametri 4-20 santimetr olan 28 yemişan ağacının kəsildiyi və təbiətə 3690 manat məbləğində ziyan dəydiyi məlum olub. Araşdırma zamanı ağacların Gədəbəy rayon sakini Polad Məmmədov tərəfindən kəsildiyi müəyyən edilib.
Füzuli rayonu ərazisində keçirilən reyd zamanı rayonun Alxanlı kəndi ərazisində diametri 40-66 santimetr olan 8 qovaq ağacının kəsildiyi aşkarlanıb. Nəticədə təbiətə 8100 manat məbləğində ziyan dəyib. Araşdırma zamanı ağacların Füzuli rayon sakini Alxan Quliyev tərəfindən kəsildiyi müəyyənləşib.
Faktlarla bağlı aktlar tərtib edilib və dəymiş ziyanların məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunauyğun tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.