COP29
Ekoloji hüquq müdafiəçisi: Azərbaycan gəncləri iqlim dəyişikliklərinə biganə deyillər
Bakı, 11 noyabr, AZƏRTAC
İqlim dəyişiklikləri cəmiyyətin bütün təbəqələrinə təsir göstərir. Gənclər sıfır emissiyaya nail olmaq üçün səylərini artırmalıdırlar. Həm beynəlxalq təşkilatlar, həm də milli hökumətlər gənclərin iqlim dəyişikliyi istiqamətində həyata keçirdikləri tədbirləri dəstəkləməlidir ki, gələcək nəsillər təmiz ekoloji mühitdə yaşasınlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Monqolustanın ekoloji hüquq müdafiəçisi Enhun Biyambadorj COP29 çərçivəsində keçirilən Gənc Liderlər Forumunda deyib.
O bildirib ki, ölkə gəncləri COP20-da fəallıq nümayiş etdirirlər ki, bu da onların iqlim dəyişikliyinə biganə olmadığını göstərir. O, müsbət nəticələrin əldə olunacağına inamını ifadə edib.
“COP29 Azərbaycanda yüksək səviyyədə təşkil olunub. Tədbirin Bakıda keçirilməsi Azərbaycan dövlətinin iqlim dəyişikliklərinə verdiyi önəmi göstərir. İqlim dəyişiklikləri ilə bağlı Azərbaycanda fəaliyyət göstərən təşkilatlarla əlaqə qurmaq və birgə fəaliyyət göstərmək istəyirik”, - deyə monqolustanlı hüquq müdafiəçisi əlavə edib.