CƏMİYYƏT
Ekoloji müsabiqənin qalibləri mükafatlandırılıblar
Bakı, 30 sentyabr, AZƏRTAC
WWF-Azərbaycan nümayəndəliyinin Avropa Qonşuluq və Əməkdaşlıq Alətinin Meşə Qanunvericiliyinin Güclənməsi və İdarə edilməsinə dair II Proqramı (ENPI FLEG II) çərçivəsində gənc və peşəkar jurnalistlər arasında keçirilmiş ekoloji müsabiqənin qalibləri mükafatlandırılıblar.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə ən yaxşı məqalə nominasiyası üzrə Rauf Nəsirov, ən yaxşı foto-video süjet nominasiyası üzrə "Hər şeyi bilmək istəyirəm" layihəsinin yaradıcı heyəti və “Dəftər vərəqinin hekayəsi” yazısına görə Gülqız Süleymanova qalib seçiliblər. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilib.
FLEG II layihəsinin məsləhət şurasının sədri Şamil Hüseynov mərasimdə çıxış edərək İsmayıllı rayonunda təşkil olunmuş təlimin və müsabiqənin gənc və peşəkar jurnalistlərin meşə idarəetməsi və qanunvericiliyi haqqında məlumatlandırılmasında mühüm rolu oynadığını bildirib.
Azərbaycan Yaşıl Tikinti İttifaqının sədri Fuad Bağırov müsabiqənin ekoloji sahədə fəaliyyət göstərən gənc və peşəkar jurnalistlər üçün əhəmiyyətini qeyd edib.
Sonda jurnalistlər üçün ekoloji təlimin bütün iştirakçılarına sertifikat və hədiyyələr verilib.