Ekspert: Borclanma səviyyəsinin aşağı, rezervlərin kifayət qədər yüksək olması maliyyə sabitliyi yaradır
Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycanın maliyyə rezervlərinin xarici dövlət borcuna nisbəti dünyada ən yaxşı göstəricilər sırasındadır. Xarici borcun ÜDM-ə nisbəti aşağı və əlverişlidir, eyni zamanda borcla müqayisədə kifayət qədər böyük rezervlərimiz mövcuddur. Bu amillər ölkənin maliyyə etibarlılığını gücləndirir.
AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert Xalid Kazımlı qeyd edib ki, mövcud vəziyyət Azərbaycanın istənilən vaxt borclarını ödəmək imkanına malik olduğunu göstərir.
“Bu isə ölkənin investisiya reytinqlərinin yaxşılaşmasına səbəb olur. Nəticədə həm dövlət, həm də sahibkarlar xarici bazarlardan daha ucuz şərtlərlə borclana bilirlər. Ölkənin rezervləri əsasən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və Mərkəzi Bankın ehtiyatlarından ibarətdir. ARDNF bir neçə vacib funksiyanı yerinə yetirir: cari iqtisadi inkişafın maliyyələşdirilməsi, makroiqtisadi sabitliyin qorunması, həmçinin gələcək nəsillər üçün vəsaitlərin saxlanılması. Çünki təbii resurslar yalnız indiki nəslə deyil, gələcək nəsillərə də məxsusdur”, - deyə ekspert bildirib.
Xalid Kazımlının sözlərinə görə, borclanma səviyyəsinin aşağı, maliyyə rezervlərinin isə yüksək olması ölkənin gələcək maliyyə sabitliyi üçün möhkəm təminat yaradır və uzunmüddətli iqtisadi inkişaf üçün etibarlı baza formalaşdırır.