Ekspert Mətin Yıldırım: İşğalçılıq siyasəti və əsassız iddialar Ermənistanı fəlakətə sürükləyir
Ankara, 4 aprel, AZƏRTAC
Ermənistan işğalçılıq siyasətindən əl çəkməklə sülh və inkişafa nail ola bilər. Aprel döyüşlərindən ibrət dərsi çıxarmasa işğalçı dövlət özünə böyük problemlər yaratmaqda davam edəcək və baş verəcək bütün xoşagəlməz hadisələrə görə məsuliyyət daşıyacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli ekspert, yazıçı-tərcüməçi Mətin Yıldırım söyləyib.
2016-cı ilin Aprel döyüşlərindən sonrakı vəziyyəti şərh edən ekspert bildirib ki, ortadakı acı həqiqət təcavüzkar tərəfin forpost missiyasını əldən vermək istəməməsidir. İşğalçılıq siyasəti və qonşu ölkələrə qarşı əsassız iddialar Ermənistanı fəlakətə sürükləyir. Təəssüf ki, dünyadakı ikili standartlar ucbatından beynəlxalq ictimaiyyət Dağlıq Qarabağla bağlı açıq mövqe nümayiş etdirmir. Mətin Yıldırım deyib: “Bütün dünyaya məlumdur ki, Ermənistan Azərbaycan torpağının bir hissəsini öz gücü hesabına işğal etməyib. 2016-cı ilin Aprel döyüşləri kimin hansı gücə sahib olduğunu və hansı xalqın məsələyə necə yanaşdığını açıq şəkildə ortaya qoydu. Ermənistan tərəfi bu döyüşlərdə əlil olan hərbiçilərinin adi problemlərini belə həll edə bilmir. Sıravi ermənilər ölkə hakimiyyətinə nifrət edirlər”.
Ekspert vurğulayıb ki, indi vəziyyət əvvəlki kimi deyil. Azərbaycanın və Türkiyənin müstəqil dövlətlər kimi güclənmələri, xalqlarımızın qardaşlığı özü-özlüyündə birliyə və gücə çevrilib. Bütün bu həqiqətlər fonunda Ermənistan tərəfi dərk etməlidir ki, xülyaları gerçəkliyə çevirmək iştahası daha tarixə qovuşub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara